Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştiraklarını təmin etmək məqsədilə həyata keçirilən gənclər siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində vətənpərvər və layiqli gənclərin dövlət quruculuğunda rolu daha da artmış, milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan və müasir çağırışlara cavab verə bilən intellektual gənc nəsil formalaşmışdır. Həmin siyasətə uyğun olaraq prokurorluğun kadr tərkibinin şəffaf prosedurlar əsasında komplektləşdirilməsinin ən sivil və demokratik vasitəsi kimi müsabiqə yolu ilə gənc hüquqşünasların işə qəbulunun həyata keçirilməsi prokurorluqda aparılan islahatların mühüm nəticələrindən biri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 27 müsabiqənin nəticələri üzrə uğur qazananlar hazırda prokurorluq işçilərinin 97 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 30 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.