Prodüser, rejissor, Azərbaycan Animasiya Assosiasiyasının sədri və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev yerli animasiya sahəsində yeni nəsil yaradıcı prodüserlər və rejissor şəxslərin yetişdirilməsi məqsədilə xüsusi mentorluq proqramına start verir.
Bir il davam edəcək bu eksklüziv proqram cəmi 2-3 nəfər istedadlı şəxs üçün nəzərdə tutulub və tamamilə təmənnasız (ödənişsiz) həyata keçirilir.
Proqramın əsas məqsədi seçilmiş iştirakçıların öz ilk peşəkar animasiya filmlərini ərsəyə gətirmələrinə hərtərəfli dəstək olmaqdır.
Proqramın üstünlükləri:
Mentorluq çərçivəsində iştirakçılar təkcə yaradıcılıqla məşğul olmayacaq, həm də layihələrin idarə olunması, maliyyə resurslarının cəlb edilməsi, komanda rəhbərliyi və filmlərin beynəlxalq festivallarda təmsil olunması kimi sahələrdə praktiki biliklər qazanacaqlar.
Rəşid Ağamalıyev proqram haqqında deyir:
“Məqsədim dünyaya həm uşaqlar, həm də böyüklər üçün daha mənalı və yüksək keyfiyyətli animasiya filmləri qazandırmaqdır. İncəsənət bizi daha empatik və insani edir. 15 illik təcrübəmi bu yolda paylaşmaq mənim üçün bir borcdur.”
Müraciət şərtləri:
Namizədlərin Azərbaycanda yaşaması, Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməsi tələb olunur. Əsas meyar namizədin yaradıcılığa olan dərin bağlılığı və məsuliyyətidir.
Müraciət üçün son tarix: 5 aprel 2026-cı il.
Maraqlanan şəxslər CV və motivasiya məktublarını [email protected] e-poçt ünvanına göndərə bilərlər.