Sarıtel xanım ilə seo-da "qızıl" qaydalar: maaşlar, ai və gələcəyin trendləri

 

"Dünya dəyişir, peşələr yenilənir! Bəs sən bu sürətli dəyişikliyə hazırsan?

Edumap.az Təhsil Portalı olaraq, gənclərin karyera yoluna işıq tutacaq, yeni və perspektivli sahələrin sirlərini açacaq “Yeni Nəsil Peşələr” layihəsinə start veririk! Bu rubrikada hər kəsin maraqlandığı, lakin sualların çox olduğu sahələri elə həmin işin peşəkarları ilə müzakirə edəcəyik.

İlk qonağımız isə rəqəmsal dünyanın "görünməyən mühərriki" – SEO sahəsində həm yerli, həm də qlobal layihələrdə böyük təcrübəyə malik mütəxəssis Sarıtel Tağıyeva (Abbaszadə)-dir. Açar sözlərdən süni intellektə, qlobal bazardan maaş aralıqlarına qədər ən maraqlı məqamları bu müsahibədə kəşf edəcəksiniz!"

Mənim haqqımda:

Salam, mənim adım Saritel-dir. Mən SEO sahəsində təcrübəli mütəxəssisəm və həm texniki, həm də kontent SEO ilə məşğulam, yerli və qlobal layihələrdə işləyirəm. Hazırda frilans konsultant kimi müxtəlif saytlarla işləyirəm. Bundan əlavə SEO-da dəstəyə ehtiyacı olanlara mentorluq dəstəyi edirəm, həm də fərdi olaraq SEO tədris edirəm. 

1. SEO sahəsinə necə başladınız, bu yolu seçməyə sizi nə sövq etdi və ilk real uğurunuz (və ya dərsiniz) nə oldu?

SEO sahəsinə mən backlink qurmaqla başladım, o zamanlar bu sahə hələ kifayət qədər inkişaf etməmişdi. Daha sonra ingilis dilində kontent yazmağa başladım və bu sahədə təcrübə qazandıqca SEO ilə daha çox maraqlanmağa başladım. Digital Marketing üzrə Code Academy-də təhsil alarkən SEO-yə xüsusi marağım artdı və bu sahədə peşəkar olmaq istədim. İlk real uğurum isə, SEO-yə yeni başladığım dövrdə ABŞ bazarına yönəlmiş lokal bir sayt üçün açar söz araşdırması aparmaq və AI köməyi ilə (ChatGPT yaranmamışdan əvvəl) məqalələr yaratmaq oldu. Nəticədə, həmin səhifələr saytın əsas səhifəsini klik baxımından keçdi və Google-un Featured Snippets bölməsində də yer aldı.

2. Sizcə uğurlu bir SEO strategiyasının ən vacib 3 sütunu hansıdır? Yaxşı mütəxəssisi rəqiblərindən fərqləndirən əsas bacarıqlar nələrdir?

Mənim üçün uğurlu SEO strategiyasının ən vacib üç sütunu rəqib analizləri, prioritetlərin düzgün müəyyən edilməsi və biznes məqsədlərini yaxşı başa düşməkdir. Yaxşı SEO mütəxəssisini rəqiblərindən fərqləndirən isə istifadəçi niyyətini dərk etmək və açar sözləri bu niyyətə uyğun şəkildə istifadə edərək kontentin həqiqətən istifadəçilərin ehtiyaclarını qarşıladığından əmin olmaqdır.

3. Texniki SEO bilikləri (sayt sürəti, kod strukturu və s.) nə dərəcədə önəmlidir və kontent keyfiyyəti ilə açar söz optimizasiyası arasında balansı necə qurursunuz?

Məncə, SEO mütəxəssisinin bütün kodlaşdırmanı bilməyə ehtiyacı yoxdur - əgər bilsəydik, developer olardıq. Bizim işimiz digər peşəkarlarla əməkdaşlıq edərək gözlənilən nəticəyə çatmaqdır. Sayt sürəti əsasən istifadəçilər üçün vacibdir: sayt yavaşdırsa, istifadəçilər orda uzun müddət qalmaz və Google saytınızı yüksək mövqelərə çıxarmaz. Mən adətən Google Core Web Vitals göstəricilərini yoxlayıram və əgər sayt yaxşıdırsa, sürətə çox əhəmiyyət vermirəm.

Kontent keyfiyyəti də eyni dərəcədə önəmlidir, amma keyfiyyətli kontent nədir? Mənim üçün keyfiyyətli kontent istifadəçinin bütün suallarına cavab verən və onların niyyətini qarşılayan kontentdir. Eyni zamanda, açar sözləri artıq istifadə etməməyə çalışıram, xüsusilə ingilis dilində, çünki Google konteksti yaxşı anlayır və açar söz doldurmağa ehtiyac yoxdur.

4. Google-un tez-tez yenilənən alqoritmlərini necə izləyirsiniz? Böyük bir yenilənmədən (Core Update) sonra saytın mövqeyi düşərsə, ilk edəcəyiniz 3 addım nə olar?

Mən Google-un rəsmi elanlarını izləyirəm və əlavə olaraq etibarlı SEO xəbər saytları və LinkedIn influencerlərini də izləyirəm. Əgər Core Update-dən sonra saytın mövqeyi düşərsə, ilk addımım sakit qalmaqdır - panikaya düşməyə ehtiyac yoxdur, bu, normal haldır. Sonra məlumatları analiz edirəm və düşüşün həqiqətən Core Update-dən qaynaqlandığını təsdiqləyirəm, hansı səhifələrin və açar sözlərin təsirləndiyini yoxlayıram. Nəhayət, analiz əsasında saytı optimallaşdırmağa başlayıram: kontent keyfiyyətini artırmaq, texniki SEO-nu yoxlamaq, daxili linkləri nəzərdən keçirmək və saytın istifadəçi niyyətinə tam cavab verdiyindən əmin olmaq.

5. Gündəlik işinizdə "əlim-qolumdur" dediyiniz alətlər hansılardır? ChatGPT və digər AI alətləri SEO dünyasını necə dəyişir?

Gündəlik işimdə ən çox istifadə etdiyim alətlər Ahrefs, SEMrush, Google Docs, Google Sheets, Trello, Screaming Frog və ChatGPT-dir. AI alətləri axtarış davranışını həqiqətən dəyişir, buna görə də AEO (Answer Engine Optimization) və GEO (Generative Engine Optimization) kimi anlayışlar ortaya çıxıb. İnsanlar axtarış üçün getdikcə AI-dan daha çox istifadə edir, buna görə də biz artıq saytları AI üçün də optimallaşdırırıq. Amma unutmaq olmaz ki, hələ də Google əsas güclü trafik mənbəyidir. Məncə, SEO yaxın illərdə ölməyəcək ən azından 5 il. O sadəcə inkişaf edir və bu dəyişikliklərə uyğunlaşmaq vacibdir.

6. Təsəvvür edin ki, sizə sıfırdan yeni bir sayt təhvil verilib. İlk 30 gün ərzində hansı prioritet addımları atardınız?

Təsəvvür etməyimə ehtiyac yoxdur, çünki bunu hər frilans müştəri üçün edirəm). İlk addımım SEO audit aparmaq və saytın problemlərini müəyyən etməkdir. Əgər saytın əsas texniki problemləri varsa, məsələn robots.txt və sitemap mövcud deyilsə, ilk öncə texniki SEO audit aparıram, detallı sənəd hazırlayıram və onu developer-lərə göndərirəm ki, düzəltsinlər.

Daha sonra prioritet landing səhifələr üçün açar söz araşdırması aparıram. Lazım gələrsə, landing səhifələri üçün brieflər hazırlayıram ki landing page-lərə yeni block-lar əlavə edilsin və biz açar sözləri istifadə etmək üçün yer əldə edək. Açar söz araşdırmasına əsaslanaraq, bu səhifələr üçün title və meta description yaradıram və açar sözləri content menecerə də ötürürəm ki, landing səhifə mətnində istifadə etsin. Beləliklə, həm texniki, həm də kontent tərəfi düzgün və optimal şəkildə başlayır.

7. Azərbaycanda və qlobal bazarda SEO mütəxəssisləri üçün orta maaş aralığı və gəlir imkanları (freelance, agentlik, korporativ) necədir?

Qlobal bazarda SEO mütəxəssislərinin maaşları təcrübəyə və bazara görə dəyişir. Məsələn, Ukrayna bazarında (Djinni-yə əsasən) orta göstəricilər belədir: junior səviyyəsi təxminən 1000$-a qədər, middle səviyyəsi 1000–2000$, senior və team lead səviyyəsi isə 2000$+ olur. Azərbaycan bazarında isə maaşlar bu rəqəmlərin təxminən 2–3 dəfə aşağı səviyyəsindədir. Freelance iş imkanları isə həm qlobal, həm də lokal bazarda əlavə gəlir təmin edə bilər və agentlik və korporativ sahələrdə də fərqli imkanlar mövcuddur.

8. Bir SEO kampaniyasının uğurlu olub-olmadığını hansı metrikalarla (KPI) ölçürsünüz? Müştəriyə və ya rəhbərliyə nəticəni necə sübut edirsiniz?

Uğur hər sayt üçün fərqlidir, çünki hər saytın öz məqsədi var. Bəziləri üçün uğur daha çox klik əldə etmək, bəziləri üçün hədəf açar sözlərdə ilk mövqelərə çatmaq, bəziləri üçün isə lead toplamaq deməkdir. Bu, əsasən biznes məqsədlərindən asılıdır. Müştəriyə hesabat verərkən mən onların biznes məqsədlərinə fokuslanıram və nəticələri aydın göstərmək üçün uyğun metrikləri - mövqelər, trafik göstəriciləri, konversiyalar və s. təqdim edirəm.

9. SEO öyrənməyə yeni başlayanların ən çox etdiyi "zərərli" və ya vaxt aparan səhvlər hansılardır?

Təcrübəmə əsasən, SEO öyrənməyə yeni başlayanlar bir neçə ümumi səhvə yol verirlər. Birincisi, açar sözlərə həddindən artıq fokuslanmaq və onları məzmuna doldurmaqdır, amma, istifadəçi niyyətini nəzərə almırlar. İkincisi, texniki SEO-ya laqeyd yanaşmaq - məsələn, sayt sürəti, sitemap və indeksləmə məsələləri - çünki bu, mürəkkəb görünür. Daxili linkləşdirməni görməməzlikdən gəlmək də tez-tez olur, halbuki bu, Google-a sayt strukturunu başa düşməyə kömək edir və istifadəçi naviqasiyasını yaxşılaşdırır. Və nəhayət, yeni başlayanlar dərhal nəticə gözləyirlər və SEO-nun uzun müddətli proses olduğunu anlamırlar, buna görə də tez imtina edir və ya strategiyanı tez-tez dəyişirlər.

10. SEO yaxın 5 ildə hara gedir? Bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün 3 qısa və "qızıl" tövsiyəniz?

Məncə, növbəti 5 ildə SEO daha çox AI və istifadəçi təcrübəsi ətrafında inkişaf edəcək. Axtarış motorları konteksti və istifadəçi niyyətini daha yaxşı anlayacaq, buna görə istifadəçilərin ehtiyaclarına uyğun optimizasiya etmək daha vacib olacaq.

Bu sahədə inkişaf etmək istəyənlər üçün mənim üç “qızıl” tövsiyəm:

  1. İstifadəçi niyyətinə və kontent keyfiyyətinə fokuslanın - istifadəçilərin suallarına tam cavab verən məzmun yaradın.
  2. Texniki SEO əsaslarını öyrənin - sayt sürəti, Core Web Vitals, strukturlaşdırılmış məlumatlar və daxili linkləşdirmə indi daha çox önəm daşıyır.
  3. Maraq və uyğunlaşma qabiliyyətinizi qoruyun - SEO sürətlə dəyişir, yenilikləri izləyin, təcrübə aparın və AI kimi yeni alətləri öz lehinizə istifadə edin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.