VI “Yüksəliş” müsabiqəsinin qeydiyyatının başa çatmasına az vaxt qalıb!

İdarəetmə bacarıqlarına güvənən, öz potensialını daha geniş platformada sınamaq və inkişaf etdirmək istəyən şəxslər üçün mühüm fürsət olan VI “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsinin başa çatmasına artıq son saatlar qalıb. Qeyd edək ki, müsabiqənin qeydiyyatı 16 aprel 2026-cı ilədək davam edir və qeydiyyat yukselish.az səhifəsi üzərindən aparılır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi ölkədə idarəçilik potensialına malik, yüksək intellektual səviyyəsi və idarəetmə keyfiyyətləri ilə seçilən şəxslərin aşkar olunması, onların inkişafının dəstəklənməsi və kadr ehtiyatının gücləndirilməsi məqsədi daşıyır. Müsabiqə illərdir ki, müxtəlif sahələrdən olan perspektivli namizədlər üçün özünü təsdiq, peşəkar inkişaf və yeni imkanlara açılan nüfuzlu platforma kimi çıxış edir. 

VI mövsümdə iştirak etmək istəyən namizədlər üçün namizədin qeydiyyat mərhələsi başa çatanadək 21–51 yaş aralığında olması, Azərbaycan Respublikasının vətəndaşı olması, ali təhsilli olması və minimum 2 il idarəetmə təcrübəsinə malik olması tələb olunur. 

“Yüksəliş” müsabiqəsi iştirakçılara təkcə rəqabət mühiti deyil, eyni zamanda, önəmli inkişaf imkanları da təqdim edir. Belə ki, müsabiqənin qalibləri fərdi inkişaf üçün 20 min manat dəyərində pul mükafatı, Mentorluq Proqramı, həmçinin Kadr Bankına daxil edilmək imkanı qazanırlar. Bu isə qaliblər üçün həm peşəkar çevrənin genişlənməsi, həm də gələcək karyera imkanlarının güclənməsi baxımından mühüm üstünlüklər yaradır. 

Bu baxımdan, idarəçilik bacarıqlarına güvənən, öz potensialını daha geniş platformada sınamaq və gələcəyini yeni imkanlarla zənginləşdirmək istəyən namizədlər VI mövsümdə iştirak üçün son saatları dəyərləndirərək qeydiyyatlarını vaxt bitmədən tamamlayıb “Yüksəliş” müsabiqəsində iştirak edə bilərlər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.