Azərbaycanda 8000+ AZN maaş imkanı: Product Owner kimdir və bu sahəyə necə başlamalı?
Gələcəyin karyerası bu günün düzgün seçimindən başlayır!
Edumap.az Təhsil Portalı olaraq, müasir əmək bazarının nəbzini tutan, gənclərin karyera yoluna işıq tutacaq "Yeni Nəsil Peşələr" rubrikasına sürətlə davam edirik. Ötən müsahibəmizdə SEO dünyasını Sarıtel xanım ilə kəşf etdikdən sonra, bu gün diqqətimizi rəqəmsal məhsulların mərkəzində dayanan ən strateji rollardan birinə – Product Owner (Məhsul Sahibi) vəzifəsinə yönəldirik.
Layihəmizin budəfəki qonağı, Məhsulların İdarə edilməsi sahəsində 10 illik zəngin təcrübəyə malik, beynəlxalq sertifikatlı (PMI-ACP, PSPO I, PAL və s.) mütəxəssis və təlimçi Toğrul Xəlilovdur.
Toğrul bəy ilə Product Owner və Project Manager arasındakı incə fərqlərdən, Azərbaycandakı yüksək maaş aralıqlarından və bu sahədə yeni başlayanların yol verməməli olduğu "qızıl" səhvlərdən danışdıq. Əgər sən də rəqəmsal bir məhsulun vizyonunu qurmaq və dəyər yaratmaq istəyirsənsə, bu müsahibə sənin üçün əsl yol xəritəsi olacaq!
Özünüzü təqdim edin Zəhmət olmasa.
Toğrul Xəlilov 10 ildir Məhsulların İdarə edilməsi sahəsində çalışıram. PMİ-ACP, PSM I, PSPO I, PAL və PAL-EBM Beynəlxalq sertifikatlarım var. Eyni zamanda, Məhsul sahibi təlimləri tədris edirəm.
1. Product Owner (PO) olaraq əsas vəzifələrin nələrdir?
Məhsul sahibinin əsas vəzifə öhdəlikləri Məshul vizyonunu formalaşdırmaq, backlog-u prioritetləşdirmək, biznes, istifadəçi və texniki komanda arasında körpü olmaqdır. Məhsul sahibi məhsulun dəyərini maksimallaşdıran şəxsdir. Bunlarla yanaşı, biz məhsulun dəyərini maksimallaşdırma üçün hipotezlər (fərziyyələr) irəli sürməliyik. Bu fərziyyələr müşahidəyə əsaslanmalıdır.
2. Bu sahəyə necə başladın? İlk addımın nə oldu?
İlk öncə Bankda satış üzrə mütəxəssis olmuşam. Sonra müvafiq məhsulun Məhsul sahibi olaraq çalışmağa başlamışam. İlk addım biznes problemini məhsul kimi düşünməyə başlamaq oldu. Sonra Agile, Scrum və real məhsul nümunələri üzərindən öyrəndim. Sertifikatlar sonradan gəldi, əsas olan praktik düşüncə tərzi idi.
3. Məhsul sahibi (Product Owner) ilə Layihə meneceri (Project Manager) arasında əsas fərq nədir?
Product Owner əsasən “nəyi edirik və niyə edirik?” suallarına cavabdehdir və məhsulun biznes dəyərinə fokuslanır. O, istifadəçi ehtiyaclarını, biznes məqsədlərini və bazar reallıqlarını nəzərə alaraq backlog-u formalaşdırır və prioritetləşdirir. Layihə meneceri isə “necə edəcəyik və nə vaxt bitirəcəyik?” suallarına cavab verir. PM daha çox zaman, büdcə, resurs və risk idarəetməsinə fokuslanır. Product Owner məhsulun uğuruna, Project Manager isə layihənin plan üzrə tamamlanmasına cavabdehdir. Qısası, biri məhsulu böyüdür, digəri layihəni idarə edir. Bu rollar bir-birini əvəz etmir, tamamlayır.
4. Bu sahədə texniki bilik nə qədər vacibdir?
Product Owner üçün kod yazmaq məcburi deyil, amma texniki anlayışlar çox vacibdir. API-lərin nə olduğu, sistemlərin bir-biri ilə necə əlaqə qurduğu və texniki məhdudiyyətlərin nədən qaynaqlandığını başa düşmək lazımdır. Bu biliklər PO-ya daha real prioritetlər qoymağa kömək edir. Texniki riskləri anlamayan PO, bəzən qeyri-real gözləntilər yarada bilər. Komanda ilə eyni dili danışmaq üçün baza səviyyəsində texniki bilik şərtdir. Əsas məqsəd developer olmaq yox, texniki qərarların biznesə təsirini anlamaqdır. Bu da PO-nun etibarlılığını artırır.
5. Azərbaycanda Product Owner olmaq çətindirmi?
Junior səviyyədə Product Owner olmaq nisbətən çətindir, çünki bazar adətən real təcrübə axtarır. Bir çox şirkət bu rolu hələ də tam başa düşmür və klassik analitik və ya PM gözləntiləri ilə yanaşır. Buna baxmayaraq, bank sektoru, fintech və telekommunikasiya sahəsində vəziyyət fərqlidir. Bu sahələrdə məhsul yönümlü yanaşmaya ehtiyac getdikcə artır. Xüsusilə Middle və Senior PO-lara ciddi tələbat var. Yəni giriş çətindir, amma irəlidə imkanlar genişdir. Doğru sahə və düzgün mövqe seçimi çox önəmlidir.
6. Stakeholder (maraqlı tərəf) idarəetməsində ən böyük çətinlik nədir?
Ən böyük çətinlik odur ki, hər stakeholder öz işini ən vacib hesab edir. Hamı öz istəyinin dərhal reallaşmasını gözləyir. Bu nöqtədə Product Owner balanslı qərar verməlidir. “Yox” demək məcburiyyətində qalmaq ən çətin hissədir. Amma bu “yox” emosional yox, data və dəyər əsaslı olmalıdır. Prioritetləri izah edə bilməyən PO etibar itirir. Yaxşı stakeholder idarəetməsi PO-nun liderliyini göstərən əsas faktordur.
7. İlk Product Owner işi tapmaq üçün nələrə diqqət etmək lazımdır?
İlk növbədə namizəd real məhsul nümunələri ilə danışmağı bacarmalıdır. “User story”, “prioritization” və “problem–solution” düşüncə tərzini nümayiş etdirmək çox vacibdir. Sadəcə sertifikatlar kifayət etmir, düşüncə tərzi ön plandadır. CV-də və müsahibədə “nə etdim?” yox, “niyə etdim və hansı dəyəri yaratdı?” sualı cavablandırılmalıdır. Kiçik layihələr, case-lər və hətta şəxsi məhsul ideyaları böyük üstünlükdür. Şirkətlər PO-dan icraçı yox, qərar verən gözləyir. Bu yanaşmanı göstərə bilən namizəd fərqlənir.
8. Azərbaycanda Product Owner-lər üçün maaş aralığı nə qədərdir?
Azərbaycanda maaşlar əsasən təcrübə və sektordan asılı olaraq dəyişir. Junior Product Owner-lər üçün orta aralıq 1 500 – 2 500 AZN civarındadır. Middle səviyyədə bu göstərici adətən 2 500 – 4 000 AZN olur. Senior və ya Lead Product Owner-lər isə 4 000 – 8 000 AZN, bəzən daha yüksək maaş ala bilirlər. Bank və fintech sektorunda rəqəmlər daha yüksək olur. Startap və kiçik şirkətlərdə isə maaşlar nisbətən aşağı ola bilər. Burada əsas fərq PO-nun yaratdığı biznes dəyəri ilə ölçülür.
9. Scrum yoxsa Kanban daha effektivdir?
Əslində bu sual düzgün qoyulmur, çünki metodologiya məqsəd deyil, vasitədir. Doğru sual: məhsulun hazırkı problemi nədir? Əgər roadmap, planlama və release-lər önəmlidirsə Scrum daha uyğundur. Scrum struktur və ritm yaradır. Əgər iş axını davamlıdırsa və operativlik əsasdırsa Kanban daha effektiv olur. Bir çox məhsulda bu iki yanaşma birlikdə də istifadə olunur. Yaxşı PO metodologiyaya yox, problemin həllinə fokuslanır. Metodologiya dəyişə bilər, məqsəd dəyişməz qalır.
10. Ən çox istifadə etdiyin alətlər hansılardır?
Ən çox istifadə etdiyim alətlərdən biri Jira-dır və əsasən backlog idarəetməsi üçün istifadə olunur. Vizual düşünmək və ideyaları komanda ilə paylaşmaq üçün Miro və FigJam çox effektivdir. Sürətli analizlər və sadə hesablamalar üçün Excel və ya Google Sheets istifadə edirəm. Bu alətlər qərarları data ilə əsaslandırmağa kömək edir. Alətlərin çoxluğu yox, düzgün istifadəsi vacibdir. PO üçün alət məqsəd deyil, qərar verməni asanlaşdıran vasitədir. Sadə alətlə düzgün nəticə almaq daha önəmlidir.
11. Product Owner olaraq ən çətin hissə nədir?
Product Owner üçün ən çətin hissə hamını razı salmadan doğru qərar verməkdir. Bəzən verdiyin qərar bir neçə stakeholder-in narazılığına səbəb olur. Hətta rəhbərliyə şikayətlər də ola bilir . Amma PO-nun rolu kompromis yox, dəyər yaratmaqdır. Qərarların arxasında data və məntiq olduqda bu təzyiqləri idarə etmək mümkündür. Emosional yox, rasional qalmaq vacibdir. Bu rol liderlik tələb edir, razılıq axtarışı yox. Çətin olsa da, ən inkişaf etdirən hissə də məhz budur.
12. Junior Product Owner-lər hansı səhvləri çox edir?
Junior PO-ların ən çox etdiyi səhv hər deyiləni backlog-a yazmaqdır. Bu, prioritet anlayışının tam oturmamasından qaynaqlanır. Digər böyük səhv isə “məşğul olmağı” “dəyər yaratmaq” ilə qarışdırmaqdır. Çox task etmək həmişə fayda demək deyil. Bəzən ən doğru qərar bir işi etməməkdir. Stakeholder-lərə “yox” deməkdən çəkinirlər. Zamanla öyrənirlər ki PO-nun işi icra yox, seçim etməkdir.
13. Yeni başlayanlara 3 qızıl məsləhət
Yeni başlayan həmkarlarıma tövsiyyə edirəm ki, hər feature üçün “bu niyə lazımdır?” sualını versinlər. Mütləq, onun dəyər yaradıb, yaratmadığını təhlil etməliyik. Həmçinin, müştəri təcrübəsindən çıxan nəticələri analiz edib, data əsaslı qərar vermək bizim əsas vəzifə öhdəliklərimizdən biridir.