Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2026-cı il tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib.

Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Model çərçivəsində valideynlərə uşaqları üçün geniş seçim imkanı yaradılır və daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması hədəflənir.

Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək. Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. 

Belə ki, hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.

 Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, son illərdə məktəbəqədər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində yeni dövlət məktəbəqədər təhsil müəssisələri yaradılıb, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə alternativ xidmət modelləri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri olan icma əsaslı məktəbəqədər təhsil modeli məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya əlçatanlığın məhdud olduğu yaşayış məntəqələrində minlərlə uşağın erkən təhsilə cəlb edilməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına mühüm töhfə verib. 

Reklam

Bununla yanaşı, 2024-cü və 2025-ci illərdə Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilmiş qrant müsabiqələri nəticəsində minlərlə uşağın dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alması təmin edilib. Həmin müsabiqələr özəl sektorun məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində iştirakını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılması baxımından da uğurlu təcrübə yaradıb.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni maliyyələşmə modeli məhz bu uğurlu təcrübələrin davamı olaraq dövlət dəstəyinin daha sistemli, şəffaf və davamlı mexanizm əsasında həyata keçirilməsini təmin edəcək, özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadə olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına xidmət edəcək.

 

Nazirlər Kabinetinin qərarının tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://nk.gov.az/az/senedler/qerarlar/mektebeqeder-tehsil-sahesinde-valideyn-dovlet-ozel-9631

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.